воскресенье, 5 марта 2017 г.

Müsavat Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir

Müsavat Partiyasının BƏYANATI

Bu gün tanınmış jurnalist, məşhur blogçu Mehman Hüseynov Daxili İşlər Nazirliyinin xüsusi ittiham qaydasında şikayətinə əsasən Suraxanı rayon məhkəməsinin qərarı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. Mehman Hüseynov sosial şəbəkələrdə özünün müəllifi olaraq yaydığı videosüjetlərlə məşhurdur və onun yüzminlərlə izləyicisi var.
M.Hüseynovun çəkdiyi videosüjetlərdə hakimiyyətin yüksək vəzifəli məmurlarının korrupsiya əməlləri təkzibedilməz şəkildə sübut edilir. Sözsüz ki, onun bu cür fəaliyyəti korrupsiyaçı və mürtəce hakimiyyəti həmişə narahat edib və ona qarşı təzyiqlərə səbəb olub.
M.Hüseynov dəfələrlə fiziki təzyiqlərə məruz qalıb. Bir neçə dəfə onu oğurlamaq cəhdləri olub. Axırıncı dəfə 9 yanvar 2017-ci il tarixdə Bakı şəhərində oğurlanaraq polis bölməsinə aparılıb və bir sutka orada saxlanılıb. Bu müddət ərzində o, işgəncəyə və insan ləyaqətini alçaldan rəftara məruz qalıb. Azadlığa çıxmış M.Hüseynov polisin bu özbaşınalığı haqqında məlumat yayaraq, DİN-in strukturlarını ifşa etdi.
DİN bu məlumatlardan sonra M.Hüseynova qarşı qanunsuzluqlarda suçlu olanları cəzalandırmaq əvəzinə, onun özünü cəzalandırmaq qərarına gəldi.
Beynəlxalq qurumların Azərbaycandan diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsini israrla tələb etdiyi bir zamanda, ona qarşı məhz bu maddə ilə cinayət işi qaldırıldı və Suraxanı rayon məhkəməsi hakimiyyətin göstərişinə əsaən qərar çıxardı.
Müsavat Partiyası Suraxanı rayon məhkəməsinin qərarını qanunsuz, siyasi sifarişlə çıxarılmış qərar kimi qiymətləndirərək, Mehman Hüseynovun dərhal azad edilməsini tələb edir. Belə ki, bu həbs söz və mətbuat azadlığı haqqında beynəlxalq normalara və milli qanunvericiliyə tamamilə ziddir.
Müsavat Partiyası hakimiyyəti tənqidçiləri həbs etmək və başqa yollarla etiraz edənləri susdurmaq cəhdlərinə son qoyaraq ölkənin ağır iqtisadi və siyasi böhrandan çıxarılması, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün fəaliyyətə başlamağa çağırır. 03 mart 2017-ci il

Комментариев нет:

Отправить комментарий