Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən «jam.az» sayıtının redaktoru prosesdə iştirakdan imtina etdi
Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində "jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hal şahidi İsrafil Həmzəyevin dindirilməsi davam etdirilib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğuldir. Ona polis əməkdaşları yaxınlaşaraq, Mehman adlı şəxsin mürqciətinə əsasən, əməliyyat keçirildiyini və hal şahidi olmasını təklif ediblər. Prokurorun və vəkilin suallarını cavablandıran şahid bildirib ki, əməliyyat keçirilən zaman müşahidə edib və Mehmanın Fikrət Fərəməzoğluna pul verdiyini görüb. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq Fikrəti saxlayıblar və baxış keçirilən zaman onun üzrəindən 3 min manat pul çıxıb. Şahidin sözlərinə görə, bundan sonra Fikrətlə birlikdə evinə gedərək baxış keçiriblər və evdən noutbuk götürülüb. İ.Həmzəyev bildirir ki, polislərdən İbrahim Kazımovu tanıyır. “Bundan sonra idarəyə gəldik, protokolu imzaladıq, Fikrət də protokola imza atdı.
Daha sonra Fikrət Fərəməzoğlu şahidə suallar verərək, baxış keçirilən evinin quruluşunu, neçə otaq olmasını soruşub. Şahid deyib ki, üçotaqlı ev idi və sağda yerləşən otaqdan noutbuk götürülüb. Fikrət Fərəməzoğlu isə məhkəməyə bildirib ki, onun evi üçotaqlı deyil və şahid yalan danışır. “Bu şəxs mənim evimə baxış keçirilərkən ümumiyyətlə orada olmayıb. Onunla saxlanılanın səhəri gün idarədə görüşmüşük və üzləşmə keçirilib”.
Hakimin suallarına cavab verən şahid deyib ki, zərərçəkən şəxsi də əvvəldən tanımayıb. O qeyd edib ki, Fikrətə verilən pulun seriya nömrələri əvvəldən polislər tərəfindən qeyd edilib, həmin pulları Fikrət şalvarının sağ cibinə qoyan kimi, Mehman işarə verib və əməliyaytçılar onlara yaxınlaşıblar. Hakim protokolu elan edib və şahid təsdiq etdiyini bildirib. O vurğulayıb ki, Fikrət Fərəməzoğlu da heç bir fiziki təzyiq olmadan könüllü olaraq həmin ptorokolu imzalayıb.
Daha sonra şahid qismində əməliyyatda iştirak etmiş polis əməkdaşı Mehman Teymurov ifadə verib. O bildirib ki, 2016-cı ildə Mehman adlı şəxs müraciət edərək, F.Fərəməzoğlunun hədə-qorxu yolu ilə ondan pul tələb etməsi barədə şikayət verib. “Bununla bağlı əməliyyat qrupu yaradıldı, əməliyyatın rəhbəri İbrahim Kazımov idi. O, hal şahidləri çağırdı, onları təlimatlandırdı. Biz əməliyyata başladıq. Mehmana Daxili İşlər Nazirliyindən əməliyyatda istifadə edilmək üçün ayrılan və seriya nömrləri qeydə alınmış pullar verildi. Həmin pulu vermək üçün əvvəlcə “Şəki” restoranının yanına getdik. Sonradan Mehmana zəng gəldi, bildirdi ki, Fikrət orda yoxdur və “20 yanvar” metrostansiyasının yaxınlığındakı xeyir-şər məclisinin yanında görüşəcəklər. Orada Mehman pulu verən zaman biz Fikrəti saxladıq. Daha sonra evinə baxış keçirdik. Fikrət özü də pul aldığını etiraf etdi”.
Vəkil bildirib ki, F.Fərəməzoğlu protokolda olan imzanın ona məxsus olmadığını bildirib. Şahid polis isə deyib ki, bununla bağlı ekspertiza keçirilə bilər. “İmzadan imtina edirsə, ekspertiza müəyyən edə bilər, ona qarşı heç bir təzyiq olmayıb”. Vəkil şahiddən soruşub ki, əməliyyat hazırlanan zaman pulun verilmə yeri məlum idisə, nəyə görə əvvəlcə “Şəki” restoranına gedirdilər. M.Teymurov deyib ki, yolda Fikrətlə Mehman telefonla danışıblar deyə yer dəyişib. Amma əməliyat rəhbəri olmadığına görə, dəqiq səbəbi deyə bilməyəcəyini vurğulayıb.
Vəkilin “Fikrətin pul aldığını nə ilə sübut edə bilərsiniz” sualını hakim çıxarıb. O bildirib ki, şahid bu suala cavab verə bilməz. Bu isə Fikrət Fərəməzoğlunun sərt etirazına səbəb olub. “Nəyə görə bunların yalan-palanlarına reaksiya vermirsiniz, ancaq biz sübut istəyəndə sualı çıxarırsınız? Mənə ittiham veriblər, amma bir dənə sübut yoxdur. Əməliyyat keçirilibsə, hanı videogörüntüləri? Deyirlər mən pul almışam, amma heç kimdən pul almamışam. Varsa sübut, qoysunlar ortaya. Başa düşmürəm, siz hakimsiniz, yoxsa ittiham tərəfinin vəkilisiniz? O zaman vəkil mantiyası geyinin, düşün gəlin burada əyləşin”.
Hakim ona sərt reaksiya verərək, sakitləşməyə çağırıb və bildirib ki, o, prosessual qanunvriciliklə hərəkət edir. Hakim şahidin dindirilməsinə davam etmək istəsə də, Fikrət Fərəməzoğlu prosesdən iştirakdan imtina etdiyini deyib. Hakim razılaşmadığıma görə, Fikrət Fərəməzoğlu əli ilə şüşə qəfəsi döyəcləyərək, onu çıxarmalarını istəyib. Hakim fasilə elan edib. Fasilədən sonra F.Fərəməzoğlu yenidən prosesin davam etməsinə razılaşmayıb. O, hakimə yazılı etiraz verib.
Zərəçəkən tərəf etiraza qiymət verməyi məhkəmənin mülahizəsinə buraxıb. Prokuror isə əsassız olduğunu deyərək, qəbul edilməməsini istəyib.
Müşavirədən sonra hakim etirazən əsassız olduğunu əsas göstərərək, etirazın baxılmamış saxlanıldığını elan edib. Növbəti proses martın 10-da davam edəcək.
Fikrət İbişbəyli (Fərəməzoğlu) ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər” - deyə DİN-in məlumatında bildirilir.
Комментариев нет:
Отправить комментарий